Kollektivimiz ulu öndərin 100 illik yubileyi münasibəti ilə təşkil olunan sərgidə olub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Sarayında təşkil edilən məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət satış-sərgiyə ilə tanış olub.
Gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov burada nümayiş olunan yaradıcılıq nümunələri ilə bağlı xoş təəssüratını ifadə edib, müəlliflərə göstərilən dəstək, milli dəyərlərin qorunması və mədəni mühitə verdiyi töhfə baxımından sərgini yüksək qiymətləndirdiyini vurğulayıb. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, 12 ildən artıqdır ki, istedadlı qadınların rəsm və əl işlərindən ibarət satış-sərgilər təşkil olunur. Məqsəd qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, ailə dəyərlərini, çoxəsrlik adət-ənənələri gənclərə aşılamaqla, ailələrdə yaşadılan milli dəyərləri əl işlərinə köçürüb yaşatmaq və həmçinin onlara maddi dəstək göstərməkdir.
Qeyd edək ki, Sentyabr 29-dan fəaliyyətə başlayan sərgidə ümumilikdə, 431 müəllifin 10787 adda əl işi nümayiş etdirilir. Müəlliflər sırasında ahıl vətəndaşlar, özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər də yer alır.